MDU-da “Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı olub


Mingəçevir Dövlət Universiteti (MDU), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) tərəfdaşlığı ilə reallaşdırılan “Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təntənəli açılış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, MDU-nun yeni “2030 İnkişaf Strategiyası” və “Yaşıl Kampus” konsepsiyası çərçivəsində gənclərin fiziki aktivliyinin artırılması və ekoloji məsuliyyətin təşviqini hədəfləyən layihənin təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AzVİF-in vitse-prezidenti Fikrət Hüseynov, MDU-nun rektoru Anar Eminov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Mingəçevir şəhər Təhsil Sektorunun rəhbər şəxsləri və nümayəndələri eləcə də, MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar, şəhərin ümumtəhsil məktəblərinin direktorları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbir simvolik veloyürüşlə başlayıb. 70 fəal qız tələbədən ibarət qrup MDU-nun əsas tədris binasının qarşısından start götürərək Kür Olimpiya Tədris-İdman Mərkəzinin (OTİM) qarşısında finiş edib.
Öncə Ümummilli Lider Heydər Əliyevin, vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın və 11 noyabr tarixində baş vermiş təyyarə qəzasında həlak olan türkiyəli hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
MDU-nun rektoru Anar Eminov çıxışında layihənin ölkəmizdə sağlam həyat tərzinin təşviqi və gənclərin idmana cəlb olunması istiqamətində həyata keçirilən dövlət siyasətinə uyğun olduğunu qeyd edib. O, layihənin MDU-nun strateji hədəfləri ilə uzlaşdığını, xüsusilə regionlardan olan qız tələbələrin sosial fəallığının və fiziki aktivliyinin artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Rektor layihənin ərsəyə gəlməsində göstərilən dəstəyə görə gənclər və idman naziri Fərid Qayıbov başda olmaqla Nazirliyə təşəkkür edib. O bildirib ki, federasiya tərəfindən 70 qız tələbəyə təqdim olunan velosipedlər layihənin maddi-texniki bazasının möhkəmlənməsinə və daha geniş tələbə auditoriyasının prosesə cəlb edilməsinə şərait yaradıb.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında layihənin regionlarda və universitet mühitində sağlam və aktiv gəncliyin formalaşmasına verdiyi töhfələri qeyd edib. Nazir bildirib ki, MDU-da yaradılan veloinfrastuktur tələbələrin idmanla mütəmadi məşğul olması üçün əlçatan və davamlı imkanlar yaradır və bu təşəbbüs ali təhsil müəssisələrində idmana marağın artmasına müsbət təsir göstərəcək.
Nazir layihənin hazırlanması və icrasında nümayiş etdirilən əməkdaşlığı yüksək qiymətləndirib, AzVİF-in dəstəyinin vacibliyini vurğulayıb və universitet rəhbərliyinə təşəkkür edib. O bildirib ki, Nazirlik gənclərin fiziki aktivliyini artıran bu kimi təşəbbüsləri gələcəkdə də dəstəkləməyə hazırdır.
AzVİF-in vitse-prezidenti Fikrət Hüseynov çıxışında layihənin regionlarda idman infrastrukturunun inkişafına verdiyi töhfəni xüsusi qeyd edib. O bildirib ki, MDU-da yaradılan velosiped parkı tələbələr və şəhər ictimaiyyəti üçün yeni vərdişlərin formalaşmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edəcək.
Fikrət Hüseynov federasiyanın bu təşəbbüsə verdiyi dəstəyin gənclər arasında velosiped idmanının kütləviləşdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə uyğun olduğunu bildirib və universitetlə əməkdaşlığın davamlı olacağını vurğulayıb.
Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında ölkəmizdə gənclərin hərtərəfli inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən gənclər siyasəti gənclərin sağlam, fəal və vətənpərvər ruhda yetişməsinə geniş imkanlar yaradır.
Bəxtiyar Mustafayev layihənin bu siyasətin tərkib hissəsi kimi Mingəçevirdə gənclərin fiziki aktivliyinin, sosial inteqrasiyasının və sağlam həyat tərzi vərdişlərinin gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib. O, belə təşəbbüslərin davamlı olmasının şəhərdə gənclərin inkişaf mühitini daha da zənginləşdirəcəyini vurğulayaraq layihənin bütün tərəfdaşlarına təşəkkürünü bildirib.
Layihə çərçivəsində velosipedlərin universitetə təqdim olunmasını simvolizə edən lentkəsmə mərasimi keçirilib.
Daha sonra layihənin təşkilati işlərində fəallığı ilə seçilən şəxslərə təşəkkürnamələr təqdim olunub, layihəyə seçilən 70 qız tələbəyə isə iştiraklarına görə sertifikatlar verilib.
Layihə cari ilin 10 sentyabrında elan edilib və 400-dən çox qız tələbə müraciət edib. Seçim mərhələlərini uğurla başa vuran iştirakçılar maarifləndirici təlimlərdə, velosürüş kurslarında və şəhər turlarında iştirak edərək öz bilik və bacarıqlarını təkmilləşdiriblər.
Bu fəaliyyətlər yalnız idman vərdişlərinin artırılmasına deyil, həm də komanda ruhu, liderlik, təhlükəsizlik mədəniyyəti və ekoloji məsuliyyət kimi dəyərlərin formalaşdırılmasına xidmət edib. Layihənin sonunda formalaşan yeni velosipedçi qızlar qrupu MDU-nun “Yaşıl Kampus” hərəkatının fəal simalarından birinə çevrilib.
Qeyd edək ki, “Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsi Mingəçevir Dövlət Universitetində təkcə yeni idman məkanının istifadəyə verilməsi deyil, həm də sağlamlıq, ekoloji düşüncə və tələbə həmrəyliyi kimi dəyərlərin möhkəmlənməsi baxımından mühüm addımdır. Layihə növbəti mərhələlərdə daha geniş tələbə auditoriyasını əhatə edəcək və MDU-nun yaşıl, sağlam və müasir kampus modelinə doğru inkişafını sürətləndirəcək.






DİGƏR XƏBƏRLƏR

Top