
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesuela ilə bağlı atmalı olduğu addımlar barədə qərar qəbul etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
“Sizə bunun nə olduğunu deyə bilmərəm, amma artıq qərar qəbul etmişəm”, - Tramp bildirib.
Amerika lideri həmçinin bildirib ki, ABŞ narkotik vasitələrin daşınmasını dayandırmaq baxımından Venesuela ilə böyük irəliləyiş əldə edib.
Qeyd edək ki, noyabrın 13-də CBS telekanalı Pentaqonun Trampa Venesuelaya qarşı potensial əməliyyatlar, o cümlədən quru hədəflərinə zərbələr endirmək üçün yenilənmiş planları təqdim etdiyini bildirib.
Digər tərəfdən, ABŞ ordusu Latın Amerikası narkotik kartelləri ilə mübarizə üçün “Cənub Nizəsi” (“Southern spear”) əməliyyatına başladığını açıqlayıb.
Noyabrın 12-də Pentaqon “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunun ABŞ-nin Cənub Komandanlığının bölgədə narkotik qaçaqmalçılığı ilə mübarizə əməliyyatları bölgəsinə daxil olduğunu elan edib.
“Washington Post” isə noyabrın 1-də ABŞ-nin narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün Venesuela sahillərində qoşunlarını artırdığını bildirib.
Nəşr həmçinin bildirib ki, bu qüvvəyə səkkiz döyüş gəmisi, bir nüvə sualtı qayığı və xüsusi əməliyyat gəmisi daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz