Əliyev və Zelenski səfirliyimizə edilən hücum barədə danışıblar – Yenilənib


Noyabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib.
Yeniavaz.com
xəbər verir ki, Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev də öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
“Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.

***16:34
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefonda danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti sosial media hesabında məlumat dərc edib.
“Xalqımıza göstərilən dəstəyə və həmrəyliyə görə təşəkkür edirəm. Bu gecə ruslar ukraynalılara qarşı yüzlərlə dron və raket, o cümlədən ballistik raketlər tətbiq etdilər. Təəssüf ki, dağıntılar və zərərçəkmiş obyektlər var, Azərbaycan səfirliyi də ziyan görüb. Cənab Prezident bu zərbəni pislədi və vurğuladı ki, rusların səfirliyin binasını və Azərbaycanla bağlı digər obyektləri hədəf alması birinci dəfə deyil.
Biz, həmçinin ikitərəfli münasibətlərimiz və tərəfdaşlığın inkişafı barədə danışdıq. İkitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə həqiqətən də “yaşıl işıq” var. Yaxşı potensial mövcuddur və biz onu reallaşdıracağıq. Təşəkkür edirəm!” - deyə Zelenski bildirib.

DİGƏR XƏBƏRLƏR

Top