
Türkiyədə milli və beynəlxalq miqyasda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və bu cinayətdən əldə edilən gəlirlərin yuyulmasına cəhd edən mütəşəkkil cinayət təşkilatlarının yüksək rütbəli üzvlərinə qarşı əməliyyat keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Yerlikaya Təhlükəsizlik Baş İdarəsi və İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə 22 vilayətdə əməliyyat keçirildiyini və əməliyyatdan əvvəl Azərbaycan, Niderland, İran, Estoniya, Sloveniya, Qırğızıstan, İngiltərə, Panama, Böyük Britaniya, Belçika və Bolqarıstanın polis idarələri ilə məlumat və sənəd mübadiləsi aparıldığını bildirib.
Onun sözlərinə görə, “Orkinos Bulut-2” adlanan əməliyyatda 138 nəfər saxlanılıb.
Nazir şübhəlilərin Türkiyədə və onun hüdudlarından kənarda müsadirə edilmiş 18 ton 129 kiloqram narkotik və stimullaşdırıcı maddə, o cümlədən 1 milyon 290 min ədəd stimullaşdırıcı həblərə görə məsuliyyət daşıdıqlarını bildirib.
Yerlikaya həmçinin “Orkinos Bulut-2” əməliyyatının 5 ayrı beynəlxalq narkotik mütəşəkkil cinayət təşkilatına qarşı həyata keçirildiyini qeyd edib.
“Bu cinayət təşkilatlarının cinayət törətmək məqsədi ilə təşkilatlar qurmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi həyata keçirmək və cinayət yolu ilə əldə edilmiş əmlakı yumaq kimi cinayətlər törətdiyini müəyyən etdik”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, Maliyyə Cinayətlərini İstintaq İdarəsi tərəfindən bu günə qədər müəyyən edilən bu beynəlxalq mütəşəkkil cinayət təşkilatlarının 647 mülkü, 186 nəqliyyat vasitəsi, 1 holdinq, 113 şirkət, 1 yük gəmisi və şübhəlilərin bank hesabları olmaqla ümumilikdə təxminən 15 milyard türk lirəsi təşkil edən aktivlərinə həbs qoyulub.
Tətbiqimizi yükləyə bilərsiniz