
“Oğlum anasına demişdi ki, ana mən şəhid olacağam, sən də Vətən sağ olsun deyəcəksən...”
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Gürcüstan-Azərbaycan sərhədində hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan 27 yaşlı baş çavuş Berkay Karacanın atası Nedim Karaca bildirib.
O, qəzadan bir gün əvvəl oğlu ilə telefonla danışdığını və oğlunun onlara Azərbaycandan hədiyyə aldığını dediyini bildirib.
“Oğlum mənə dedi ki, “ata, sən çayı çox sevirsən, sənə çay aldım”. Sonra da dedi ki, “bir qrup getdi, sonra da biz gələcəyik”. Amma oğlum gələ bilmədi”, - şəhid atası qeyd edib.
N.Karaca özünün də təqaüddə olan hərbçi olduğunu, oğlunun da onun arxasınca getdiyini bildirib.
Oğlunun peşəsini çox sevdiyini bildirən N. Karaca: “Oğlum peşəsini çox sevirdi. Səkkiz il xidmət etdi. Bu il təyinatı olmalı idi. Dəfələrlə deyirdi ki, ata, təyinatımı istəyəcəyəm. Sənə yaxın gələcəyəm. Bandırmaya gələcəyəm. Ancaq oğlum gələ bilmədi”, - deyib.
Qeyd edək ki, noyabrın 11-də Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq, təyyarənin göyərtəsindəki 20 hərbçinin şəhid olduğunu açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz