
“Bir neçə ayda 50-dən çox maşınla qazıntı aparıblar, binanın fundamenti zəifləyib”.
Bu sözləri Yeniavaz.com-a müraciət edən Yasamal rayonu, Landau küçəsi, blok 2 ünvanında yaşayan bina sakini Camal İsmayıllı deyib.
Onun sözlərinə görə, bir neçə il əvvəl yaşadığı binanın zirzəmisində qapı açmaq cəhdi olub və həmin vaxt polis hadisəyə müdaxilə edərək işləri dayandırıb:
“Lakin bu ilin əvvəlindən həmin fəaliyyətlər yenidən başlayıb”.
Bina sakini bildirir ki, məsələ ilə bağlı artıq bir neçə dəfə rəsmi qurumlara müraciət edib:
“Üç həftə əvvəl Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Həmin vaxt icra hakimiyyətinin əməkdaşları gəlib işi dayandırdılar. Amma bayram günlərindən istifadə edərək yenidən armatur və taxta dirəklər qoyublar ki, beton töksünlər”.
Camal İsmayıllı qeyd edir ki, aparılan qazıntı işləri binanın fundamentini zəiflədir və sakinlər arasında narahatlıq yaradıb:
“Burada restoran və ya kafe açmaq istəyirlər. Binanın dayaqlarını qazıb zəiflədiblər. Kimin tərəfindən aparıldığı da dəqiq bilinmir, heç kim ortaya çıxmır”.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, əməkdaşlar ərazidə baxış keçirəcək və müvafiq sənədləri yoxlayacaqlar.





Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz