ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi 2 milyard dollara başa gələ bilər


ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyinə dəyişdirilməsi qərarı ABŞ hökumətinə təxminən 2 milyard dollara başa gələ bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
ABŞ Konqresinin təsdiqini tələb edən bu tədbir ABŞ Müdafiə Nazirliyinin adını daşıyan minlərlə lövhə, blank və digər əşyaların dəyişdirilməsini tələb edəcək.
Telekanalın qeyd etdiyinə görə, təkcə lövhə və blankların dəyişdirilməsi təxminən 1 milyard dollara başa gələ bilər.
Bununla belə, Pentaqon ad dəyişikliyi üzərində işlərin artıq aparıldığını bildirib və əlavə edib ki, yekun xərc hələ hesablanmayıb.
“Müdafiə Nazirliyi Prezident Trampın göstərişinə uyğun olaraq ad dəyişikliyini operativ şəkildə davam etdirir. Qürurlu irsimizin təsdiqi olaraq, bu ad dəyişikliyi əhəmiyyətlidir, çünki bu, departamentin əsas missiyasını əks etdirir: müharibələrdə qalib gəlmək. Bu, həmişə bizim missiyamız olub. Sülhü səbirsizliklə gözlədiyimiz halda, biz müharibəyə hazırlaşacağıq”, - deyə “NBC News” Pentaqon rəhbərinin ictimai məsələlər üzrə köməkçisi Şon Parneldən sitat gətirib.
Qeyd edək ki, sentyabrın əvvəlində Tramp Müdafiə Nazirliyinin adının Müharibə Nazirliyinə dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb və bunun qlobal vəziyyətə görə daha uyğun bir ad olduğunu bildirib.
Xatırladaq ki, ABŞ Müharibə Nazirliyi 1789-cu ildən 1947-ci ilə qədər mövcud olub. 1949-cu ildə isə o, ABŞ Müdafiə Nazirliyi adlandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top