
Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn və çap media subyektlərinə dəstək üçün müsabiqə elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri, ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Media subyektlərinin müsabiqədə iştirak etməsi üçün bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla ən azı dörd nəfərdən ibarət heyəti olmalıdır.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5 min manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur. Bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 manat təşkil etməlidir.
Qalib elan edilmiş qəzet redaksiyaları ilə də agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.
Agentlik tərəfindən qəzetlərin həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat məbləğində vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.
Qeyd edək ki, müsabiqəyə noyabrın 26-sı saat 18:00-dək müraciət etmək mümkündür.
Tətbiqimizi yükləyə bilərsiniz