
Qəzza zolağının İsrailin nəzarətində olan hissəsində qalan “İzzəddin əl-Qəssam” Briqadalarının (HƏMAS hərəkatının silahlı qanadı) üzvləri Türkiyəyə köçürülə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə HƏMAS-a yaxın olan “Maan” xəbər agentliyi məlumat yayıb.
Onun mənbələrinə görə, vasitəçilər "sarı xətt”dən (HƏMAS və Qəzzadakı İsrail qüvvələri arasında sərhəddən) ilk növbədə anklavın cənubundakı Rəfah bölgəsində yerləşən HƏMAS yaraqlılarının Türkiyə ərazisinə köçürülməsi və sonradan onların regionun bir neçə ölkəsinə paylanması üçün plan hazırlayırlar.
Agentliyin məlumatına görə, bu məsələ ilə bağlı məsləhətləşmələr İsrailin iştirakı olmadan ABŞ, Türkiyə və digər ölkələrin nümayəndələri arasında aparılır.
Üstəlik, agentliyin qeyd etdiyi kimi, İsrail HƏMAS yaraqlılarının Türkiyəyə mümkün deportasiyasından xəbərdardır və belə bir əməliyyata əsaslı etirazı yoxdur.
Digər tərəfdən, Qəzzanın İsrailin nəzarətində olan hissəsində tunellərdə qalan yaraqlıların sayı ilə bağlı müxtəlif təxminlər var. “Maan”ın bildirdiyinə görə, bu şəkildə tunellərdə qalan təxminən 150 silahlı HƏMAS tərəfdarı ola bilər. “The Wall Street Journal” qəzeti isə onların sayının təxminən 200-300 arasında olduğunu bildirir.
Qeyd edək ki, bir müddət əvvəl HƏMAS öz tərəfdarlarını İsrailin nəzarətində olan “sarı zonadan” çıxarmağa və onları zolağın digər hissələrinə köçürməyə hazır olduğunu bildirmişdi. Lakin İsrail və ABŞ bu yanaşmanı rədd etmişdi.
Xatırladaq ki, oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Trampın sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Qəzzada atəşkəs razılaşdırıldığı kimi oktyabrın 10-dan qüvvəyə minib.
Tətbiqimizi yükləyə bilərsiniz