
Bu ilin oktyabr ayında Rusiyada yeni minik avtomobillərinin orta qiyməti 3,43 milyon rubl (42 345 dollar) təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Avtostat” agentliyi məlumat yayıb.
Bildirilir ki, bu göstərici bazar monitorinqi tarixində ən yüksək nəticədir. Qiymət sentyabrla müqayisədə 2,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8% artıb. Agentlik bildirir ki, yeni avtomobillərin orta qiyməti artıq 15 aydır ki, 3 milyon rubl (37 037 dollar) səviyyəsini üstələyir.
“Avtostat”ın proqnozuna görə, 2025-ci ilin ilk 10 ayı ərzində yeni avtomobillərin qiyməti əvvəlki ilə nisbətən 3,5% artaraq orta hesabla 3,23 milyon rubla (39 877 dollar) çatıb. Son illərdə artım xüsusilə sürətlənib. 2021-ci illə müqayisədə qiymətlər 60%-dən çox, son beş ildə isə iki dəfə bahalaşıb.
Agentliyin direktoru Sergey Tselikov qiymət artımının alıcılarda psixoloji təsir yaratdığını deyib. Onun sözlərinə görə, təkrar emal haqqının artırılması ilə bağlı xəbərlər fonunda insanlar “indi al, çünki sabah daha baha olacaq” prinsipi ilə davranmağa başlayıblar.
“Avtostat” bildirir ki, oktyabr ayında işlənmiş avtomobillərin orta qiyməti də tarixdə ilk dəfə olaraq 1,23 milyon rubl (15 185 dollar) səviyyəsinə yüksəlib. Bu, sentyabrla müqayisədə 2,5%, ötən ilin oktyabrı ilə müqayisədə isə 3% çoxdur.
“Avtostat”ın analitikləri qeyd edib ki, hazırda işlənmiş avtomobil satan şəxsin eyni sinifdən yeni avtomobil alması çətindir. Çünki yeni və köhnə avtomobillər arasında orta qiymət fərqi artıq 2 milyon rubldan (24 691 dollar) çoxdur.
Qiymət artımına baxmayaraq, bazarda satış aşağı düşüb. “Avtostat” əvvəlki məlumatlarında bildirib ki, 2025-ci ilin sentyabr ayında Rusiyada yeni minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% azalıb. Ay ərzində ölkədə 122 min 659 yeni minik avtomobili satılıb.
Bu ilin 9 ayında satışlar 895 min 923 ədəd olub ki, bu da 2024-cü ilin yanvar–sentyabr ayları ilə müqayisədə 22,4% aşağı göstəricidir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz