
Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyaya qarşı iki epizod üzrə cinayət işi başlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş prokuror Giorgi Qvarakidze prokurorluqda keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Qaxariya “Qavrilov gecəsi”ndə, həmçinin Çorçana keçid məntəqəsində baş verən hadisələrdə iştirakda ittiham olunur.
O bildirib ki, 19-20 iyun 2019-cu il tarixlərində keçirilən etiraz aksiyası zamanı iki nəfərdən çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma və dövlət siyasi məmurunun vəzifə səlahiyyətlərini aşma faktları araşdırılır.
Giorgi Qvarakidzenin sözlərinə görə, Prokurorluq Giorgi Qaxariyanın həbs cəzasına məhkum edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində Tbilisi şəhər məhkəməsinə müraciət edəcək.
İttihamlar qəbul ediləcəyi təqdirdə Qaxariyanı 13 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə Baş naziri olub. O, hazırda Almaniyada uzunmüddətli viza əsasında yaşayır.
Xatırladaq ki, Qaxariyanın daxili işlər naziri olduğu dövrdə, 2019-cu ilin iyunun 20-də Tbilisidə parlament binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası gözyaşardıcı qaz və rezin güllələrin istifadəsi ilə dağıdılıb, nəticədə 38-i jurnalist olmaqla 240 nəfər xəsarət alıb.
Tətbiqimizi yükləyə bilərsiniz