ABŞ Qəzza yaxınlığında hərbi baza tikmək istəyir – KİV


Amerika hərbçiləri Qəzza zolağı yaxınlığında təxminən 10 min nəfərin yerləşə biləcəyi hərbi baza tikmək imkanlarını nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri bir neçə şirkətdən 12 ay ərzində Qəzza zolağı yaxınlığında 10 min kvadrat fut (929 kvadratmetr) ofis sahəsi olan, 10 min personalı dəstəkləyə bilən müvəqqəti muxtar hərbi bazanın tikintisi üçün smeta tələb edib.
Podratçılar bazanı açar təslimi əsasında tikməli, daha sonra elektrik, qida, su və rabitə xidmətləri göstərməlidir.
Adı açıqlanmayan ABŞ administrasiyasının rəsmisi agentliyə bildirib ki, ABŞ ordusunun bu tələbi beynəlxalq sabitləşdirmə qüvvələri üçün bazanın yaradılması ilə bağlı ilkin planlaşdırma istiqamətində bir addımdır.
Qeyd edək ki, sentyabrın 29-da Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzzadakı münaqişənin həlli ilə bağlı hərtərəfli planını açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, anklavda müvəqqəti xarici idarəetmənin yaradılmasını və beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Oktyabrın 9-da münaqişə tərəfləri Amerika liderinin sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Oktyabrın 10-da Qəzzada atəşkəs razılaşması qüvvəyə minib.

DİGƏR XƏBƏRLƏR

Top