
Məlum olduğu kimi, ABŞ Maliyyə Nazirliyinin qərarı ilə “Rosneft”, “Lukoil” və bu şirkətlərin 50%-dən çox paya sahib olduğu törəmə müəssisələrinə hər hansı yardım və əməkdaşlıq qadağan edilib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, “Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır.
Bildirilir ki, şirkətin Avropadakı törəmələri fəaliyyət məhdudiyyətləri ilə üzləşir. Bolqarıstan parlamenti “Lukoil Neftochim Burgas”ın idarəçiliyini faktiki olaraq dövlət nəzarətinə keçirmək barədə qanun qəbul edib.
Moldova və Rumıniya da analoji addımlar atmağa hazırlaşır. Finlandiyada isə “Lukoil”un “Teboil” şəbəkəsi yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırmağa başlayıb.
İraq da “Lukoil” üçün problemli regiona çevrilib: “Qərbi Qurna-2” yatağında əməliyyatlar fors-major səbəbilə dayandırılıb, ödənişlər dondurulub. Analitiklər hesab edirlər ki, bu vəziyyət davam edərsə, şirkət layihədən çəkilə bilər.
Ekspertlər “Lukoil”un 10 milyard dollarlıq xarici aktivlərinin dəyərini indi 3 milyard dollardan az qiymətləndirirlər. Şirkət “Gunvor” ilə treyderlik razılaşmasının uğursuz olmasından sonra aktivlərini ucuz qiymətə satmaq məcburiyyətində qala bilər.
“Rosneft”in vəziyyəti daha sabit qiymətləndirilir. Şirkət artıq 2022-ci ildə Almaniyada törəmə şirkətlərinin dövlət nəzarətinə keçməsi ilə sanksiya təcrübəsi yaşayıb. ABŞ və Böyük Britaniya indi bu aktivlərlə məhdud əməliyyatlara 2026 və 2027-ci illərə qədər müvəqqəti icazə verib.
“Rosneft”in ən iri xarici aktivi Hindistanın “Nayara Energy” şirkətindəki 49,13%-lik paydır. Lakin Avropa İttifaqının 2026-cı ildən Rusiya neft məhsullarını qadağan etməsi şirkəti satış bazarlarını dəyişməyə məcbur edəcək.
“Bloomberg” bildirir ki, sanksiyaların ilk həftəsində Rusiyanın dəniz neft ixracı 20% azalıb. Çin və Hindistanın alışları müvəqqəti azalsa da, dəmir yolu vasitəsilə tədarük artıb. Analitiklər bu azalmaları qısamüddətli hesab edir və ilin sonuna kimi stabilləşmə gözləyirlər.
Ekspertlərin fikrincə, Çin və Hindistan Rusiya neftinə hələ də ehtiyac duyur və yeni ödəniş kanalları yaradılacaq. Hindistan Rusiya neftindən hər barel üçün 8–9 dollar gəlir əldə edir, bu, digər mənbələrdən iki dəfə çoxdur.
Onu da qeyd edək ki, “Lukoyl”un Azərbaycandakı törəmə şirkəti “LUKOIL-Azərbaycan” QSC 1993-cü ildə yaradılıb və bu, “Lukoyl”un ilk xarici layihəsi olub. Hazırda şirkətin 87 yanacaqdoldurma məntəqəsi, 1 neft bazası və təxminən 500 əməkdaşı var. Bundan başqa, “Lukoil” BP-dən sonra “Şahdəniz” layihəsində ən böyük – 19,99% paya sahibdir. Həmçinin, “Lukoil” Cənubi Qafqaz Boru Kəmərində də 19,99% iştirak payına malikdir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz