ABŞ və Rusiya arasında diplomatik dialoq dayanıb


ABŞ və Rusiya arasında dialoq tamamilə dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin Rusiyadakı nümayəndəliyindən “İzvestiya”ya məlumat verilib.
Bildirilib ki, Moskva və Vaşinqtondakı səfirliklərin tam fəaliyyətinin bərpası ilə bağlı yeni danışıqlar raundu hazırda planlaşdırılmır.
Sonuncu – ikinci görüş bu ilin aprelin 10-da İstanbulda baş tutub. İyun ayında Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev dialoqun “yaxın gələcəkdə” davam etdiriləcəyini bildirsə də, Rusiya Xarici İşlər Nazirliyi sonradan məsləhətləşmələrin Amerika tərəfinin təşəbbüsü ilə ləğv olunduğunu açıqlayıb. Oktyabrın sonu və noyabrın əvvəllərinə planlaşdırılan yeni görüş isə hələ də baş tutmayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov dialoqun davam etdiyini, lakin “istədikləri qədər sürətlə irəliləmədiyini” deyib. Bununla belə, növbəti görüşün vaxtı və yeri barədə məlumat verməyib.
Rusiya Elmlər Akademiyasının Avropa Tədqiqatları İnstitutunun eksperti Pavel Şarikov bildirib ki, danışıqlar Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılması ilə bağlı proseslərlə paralel aparılıb: “Hazırda Rusiya-Amerika dialoqunun 99 faizi Ukrayna məsələsinə yönəlib. Üstəlik, hazırda Moskvada hətta ABŞ səfiri belə yoxdur və bütün müzakirələr birbaşa Ağ Ev administrasiyası ilə aparılır”.
Oktyabrın sonunda ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı siyasətində kəskin dəyişiklik edərək Budapeştdə Vladimir Putinlə planlaşdırılan görüşü ləğv edib. Bununla yanaşı, “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq olunub. “Reuters”in məlumatına görə, bu qərara Kremlin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı “maksimalist tələbləri” səbəb olub.
Tramp-Putin sammitinin pozulmasından sonra Lavrovun Kreml daxilində nüfuzunun zəiflədiyi, G20 sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik vəzifəsindən də uzaqlaşdırıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top