Xruşşovun təyyarəsi Yakut tundrasında unudulub – Video


Yakutiyanın şimalında, sərt tundra və Kolıma çayının buzlu suları arasında yerləşən Çerski kəndinin kənarında, bir vaxtlar Sovet İttifaqının rəhbəri Nikita Xruşşovu daşıyan İl-14P təyyarəsi illərdir tərk edilmiş vəziyyətdə dayanır.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, 1957-ci ildə Moskvada yığılmış bu təyyarə ilk illərində xüsusi dövlət eskadrilyasına daxil olub. O, yüksək vəzifəli şəxslərin səfərləri üçün nəzərdə tutulub. 1959-cu ildə Xruşşov məhz bu təyyarə ilə yazıçı Mixail Şoloxovu Rostov vilayətində ziyarət edib, həmin səfər Sovet tarixində simvolik hadisəyə çevrilib.
Lakin təyyarənin ömrü yalnız yüksək səviyyəli uçuşlarla bitməyib. 1965-ci ildən etibarən o, Yakutsk Mülki Aviasiya İdarəsinin tərkibinə verilib və bölgədə rəsmi səfərlər, təlim uçuşları, buz kəşfiyyatı və Arktika ekspedisiyalarının təminatı üçün istifadə olunub. Hətta kosmonavt Valeri Bıkovski də bir dəfə onun salonunda uçub.
1983-cü ildə İl-14P eniş zamanı qəza keçirərək zədələnib, lakin təmir olunub bir neçə il daha uçub. 1987-ci ildən isə tamamilə istismardan çıxarılıb və Çerski kəndinin yaxınlığında, “təyyarə qəbiristanlığı” kimi tanınan ərazidə qalıb.
Bu gün onun gövdəsində hələ də solğun “Aeroflot” yazısı oxunur. Təyyarəni Yakutska daşımaq çox baha başa gəlir, ona görə də o, şimal tundrasında unudulmuş bir tarixi yadigar kimi qalıb. Tarixçilər,  bu təyyarənin gələcəkdə yaradılacaq Yakutiya Aviasiya Muzeyində qorunmasını arzulayırlar.

DİGƏR XƏBƏRLƏR

Top