
Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həbsindən cəmi 20 gün sonra həbsdən azad edilib-edilməməsi barədə qərar verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, 10 noyabr bazar ertəsi Paris məhkəməsi onun azadlığa buraxılması tələbinə baxacaq və günün sonunda qərar qəbul edəcək.
Məhkəmənin Fransa Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsaslanaraq qərar verməsi planlaşdırılır.
Dinləmə zamanı Sarkozinin məhkəmənin şərti azadlığa buraxılma ilə bağlı tələblərinə əməl edəcəyinə dair təminat verəcəyi gözlənilir.
Əgər təminat qəbul edilərsə, o, məhkəmə nəzarəti altına alına və bir neçə saat ərzində Parisdəki La Sante həbsxanasından buraxıla bilər.
Qeyd edək ki, sentyabrın 25-də Sarkozi Liviya kampaniyasının maliyyələşdirilməsi işində cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib. Lakin o, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb. Bununla belə, məhkəmə Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib. Oktyabrın 21-də o, Parisin 14-cü rayonundakı Sante həbsxanasında bir nəfərlik kamerada cəza çəkməyə başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz