
ABŞ Prezidenti Donald Trampın həyatının ilk dörd ilini keçirdiyi ev hərraca çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Məlumata görə, evə ilkin olaraq 2,3 milyon dollar qiymət qoyulub.
Amerika liderinin atası Fred Tramp tərəfindən 1940-cı ildə Nyu-York ştatının Kvins şəhərində tikilmiş beş otaqlı ev Tramp ailəsi köçdükdən sonra bir neçə dəfə əl dəyişib.
Təxminən 93 kvadratmetr zirzəmisi olan 232,3 kvadrat metrlik ev Yamayka Esteytsin sakit, yaşıl məhəlləsində yerləşir.
Tudor tipli ev ən son bu ilin fevral ayında 835 min dollara rieltor Tommi Linə satılıb.
Lin qeyd edib ki, evi aldıqda yaşayış üçün yararsız olub. O, səkkiz ay ərzində evi tamamilə təmir edib. Linin sözlərinə görə, təmir işləri təxminən 500 min dollara başa gəlib.
Evin əvvəlki sahiblərindən biri Maykl Devis qəzetə bildirib ki, onu 2016-cı ildə təxminən 1,4 milyon dollara alıb. 2017-ci il, Trampın andiçmə mərasimi günü isə iş adamı onu Çindən olan bir alıcıya 2,1 milyon dollara satıb.
Tətbiqimizi yükləyə bilərsiniz