
“Taliban” hərəkatının rəhbərlik etdiyi Əfqanıstan hökuməti bəyan edib ki, Pakistanla aparılan sülh danışıqlarının son mərhələsi uğursuzluqla nəticələnib.
Yeniavaz.com AFP-yə istinadla xəbər verir ki, hökumət İslamabadı “məsuliyyətsiz və əməkdaşlıqdan uzaq” yanaşmada ittiham edib.
Qeyd olunub ki, bu, gələcək zorakılıqla bağlı narahatlıqları gücləndirib.
Xatırladaq ki, iki tərəf baş vermiş ölümcül toqquşmalardan sonra əldə edilmiş atəşkəsi təsdiqləmək üçün cümə axşamı Türkiyədə görüşüb. Hər iki tərəf müzakirələrin məzmunu barədə demək olar ki, heç nə deməyib, lakin məlumdur ki, danışıqlar əsasən uzunmüddətli təhlükəsizlik məsələlərinə həsr olunub.
“Müzakirələr zamanı Pakistan tərəfi öz təhlükəsizliyinə görə bütün məsuliyyəti Əfqanıstan hökumətinin üzərinə atmağa çalışıb, eyni zamanda nə Əfqanıstanın, nə də öz təhlükəsizliyinin məsuliyyətini daşımaq istəyi göstərməyib,” – Əfqanıstan hökumətinin nümayəndəsi Zabihulla Mücahid sosial şəbəkələrdə yazıb.
Bir gün əvvəl Pakistanın informasiya naziri Attaulla Tarar danışıqların uğursuzluğa düçar olduğunu deyərək bəyan etmişdi ki, terrorizmin qarşısını almaq öhdəliklərini yerinə yetirmək məsuliyyəti Əfqanıstanın üzərinə düşür.
“Pakistan öz xalqının təhlükəsizliyini və suverenliyini təmin etmək üçün lazım olan bütün mümkün variantlardan istifadə etməyə davam etməlidir,” – o bildirib.
Qeyd edək ki, ümumi uzunluğu 2600 kilometr olan sərhədi bölüşən iki keçmiş müttəfiqin münasibətləri son illərdə pisləşib. Buna səbəb İslamabadın Əfqanıstanı Pakistanda hücumlar həyata keçirən silahlı qruplara sığınacaq verməkdə ittiham etməsidir.
Əfqanıstan hökuməti bu ittihamları ardıcıl şəkildə təkzib edir.
Tətbiqimizi yükləyə bilərsiniz