Qoxu hissinin pozulması sistemli qocalmanın erkən əlaməti ola bilər


Miçiqan Dövlət Universitetinin tədqiqatçılarının fikrincə, yaşlı insanlarda qoxu hissinin zəifləməsi ürəyin işemik xəstəliyi (ÜİX) riskinin artmasından xəbər verə bilər.
Yeniavaz.com
xəbər verir ki, tədqiqat “JAMA Otolaryngology – Head & Neck Surgery” jurnalında dərc olunub.
Tədqiqatçılar “Atherosclerosis Risk in Communities Study” adlı uzunmüddətli araşdırma çərçivəsində 5 000-dən çox iştirakçının məlumatlarını təhlil ediblər. Araşdırmanın əvvəlində könüllülərdə ürək-damar xəstəliyi əlamətləri olmayıb. Qoxu hissi 12 müxtəlif qoxudan ibarət test vasitəsilə qiymətləndirilib və nəticələr üç kateqoriyaya bölünüb: yaxşı, orta və zəif.
“10 illik müşahidə dövründə 280 nəfərdə (yəni iştirakçıların 5,4 faizində) ürəyin işemik xəstəliyi inkişaf edib. Təhlil göstərib ki, qoxu hissi zəif olanlarda ÜİX riski, qoxu hissi yaxşı olanlarla müqayisədə iki dəfə çoxdur. Bu əlaqə xüsusilə tədqiqatın ilk illərində daha aydın müşahidə olunub (risk nisbəti müvafiq olaraq 2,06 və 2,02 olub), lakin 9-cu ilə doğru zəifləyib. Hətta yaş, xolesterin səviyyəsi, siqaret çəkmə və diabet kimi amillər nəzərə alındıqdan sonra da bu əlaqə statistik olaraq əhəmiyyətli qalıb. Qoxu hissi orta dərəcədə zəif olanlarda da ürəklə bağlı problemlər riski yüksək, lakin nisbətən az ifadəli olub”, - tədqiqatda deyilir.
Bildirilib ki, bu əlaqənin mexanizmi hələ də tam aydın deyil. Alimlər güman edirlər ki, qoxu hissinin pozulması sistemli qocalmanın erkən əlaməti ola bilər və bu, maddələr mübadiləsindəki pozğunluqları və ya damar sistemindəki dəyişiklikləri əks etdirir — bunlar da ürək xəstəliklərindən əvvəl meydana gəlir.
“Əgər kimsə qoxu hissinin izaholunmaz şəkildə zəiflədiyini hiss edirsə, hərtərəfli tibbi müayinə keçməsi faydalı olar. Bu, digər risk faktorlarını vaxtında müəyyən etməyə kömək edə bilər”, - “Northwell Health”in kardioloqu Nil Şah qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top