
ABŞ Prezidenti Donald Tramp İrana qarşı birtərəfli sanksiyaların müddətini bir il də uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrində yerləşdirilən bəyanatda öz əksini tapıb.
Amerika liderinin bəyanatında ABŞ-İran münasibətlərinin hələ də normallaşmadığı və 19 yanvar 1981-ci il tarixli ikitərəfli razılaşmaların həyata keçirilməsi prosesinin davam etdiyi ifadə edilir.
Bu, ABŞ və İran arasında Əlcəzair razılaşmasına aiddir. Onlar 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub. Bu sənədlər, xüsusilə, bir-birinin daxili işlərinə qarışmamaq prinsipini təsbit edir.
“Buna görə də, 1979-cu il noyabrın 14-də elan edilmiş milli fövqəladə vəziyyət və daha sonra həmin fövqəladə vəziyyətin aradan qaldırılması üçün qəbul edilmiş tədbirlər 14 noyabr 2025-ci il tarixindən sonra da qüvvədə qalacaq. Mən İranla bağlı milli fövqəladə vəziyyətin müddətini bir il uzadıram”, - deyə Tramp bəyanatda bildirib.
Qeyd edək ki, 14 noyabr 1979-cu ildə ABŞ-nin 39-cu prezidenti Cimmi Karter Tehranda amerikalı girovların ələ keçirilməsinə cavab olaraq 12170 saylı İcra Sərəncamı imzalayıb. ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dəki bütün rəsmi aktivlərini, o cümlədən Amerika banklarındakı və onların xarici filiallarındakı hesablarını dondurmaq tapşırılıb. 1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik münasibətləri kəsib və ABŞ-nin İrana bütün ixracatını, o cümlədən ərzaq və dərmanları qadağan edib. Bundan sonra İrandan ABŞ-yə bütün idxal mallarına embarqo və amerikalıların İrana səyahətinə qadağa qoyulub.
Tətbiqimizi yükləyə bilərsiniz