
İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi komandanın braziliyalı hücumçusu Vinisiusu 2026-cı ilin yayında satmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yekun qərar “Barselona” ilə oyunda baş verən insidentdən sonra verilib.
Qeyd olunur ki, “Real Madrid”in prezidenti Florentino Peres futbolçunun bu davranışlarından yorulub və heç bir futbolçunun klubdan vacib olmadığını göstərmək istəyir.
Belə ki, oktyabrın 26-da İspaniya liqasında keçirilən oyunda “Real Madrid” evdə “Barselona”ya 2:1 hesabı ilə qalib gəlib və Vinisius 72-ci dəqiqədə əvəzlənib.
“DAZN” nəşri xəbər verir ki, Vinisius qərara emosional reaksiya verib və baş məşqçi Xabi Alonsoya “Niyə həmişə mən? Klubdan gedirəm”, - deyib.
Daha sonra futbolçu komandadan və məşqçisindən üzr istəyib.
Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən “Real Madrid”də çıxış edir və burada üç dəfə İspaniya, iki dəfə Çempionlar Liqası titulunu qazanıb. Ümumilikdə, braziliyalı “Real”ın heyətində 335 oyun keçirib, 111 qol vurub və 87 məhsuldar ötürmə edib. Braziliya millisində isə yarımmüdafiəçi 43 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
Xatırladaq ki, bundan əvvəl “Indykaila News” nəşri Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun Vinisiusun transferi ilə bağlı İspaniyanın “Real Madrid” klubu ilə danışıqlara başladığını xəbər vermişdi. Nəşr tərəflərin futbolçunun müqaviləsinin 2027-ci ilə qədər uzadılmaması barədə razılığa gələcəkləri təqdirdə, Səudiyyə klubunun onun transferi üçün 300 milyon funt sterlinq (345 milyon avro) təklif etməyə hazır olduğunu bildirmişdi. Əgər danışıqlar baş tutsa, Vinisiusun transferi futbol tarixinin ən bahalı transferi olacaq.
Hazırkı rekord braziliyalı hücumçu Neymarın 2017-ci ilin yayında 222 milyon avroya “Barselona”dan “Paris Saint-Germain”ə transferinə məxsusdur.
Tətbiqimizi yükləyə bilərsiniz