
Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barədə ibtidai istintaq tamamlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.
İbtidai istintaqla Əlişir Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim məsləhət komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onlar barədə TƏBİB-in "e-tabib" elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Tətbiqimizi yükləyə bilərsiniz