Baxçalı Dəmirtaşın azadlığa buraxılmasını istəyir


Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşla bağlı mühüm açıqlamalar verib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, Baxçalı partiyanın parlamentdəki qrup toplantısında İmralıda həbsdə olan PKK lideri Abdullah Öcalan və Ədirnədə həbsdə olan HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş vasitəsilə yeni təxribat zəmininin yaradılmasına cəhd edildiyini bildirib.
“Terrorsuz Türkiyə prosesini provakasiya etmək üçün edilən istənilən cəhdlər etibarsızdır”, - Baxçalı qeyd edib.
Baxçalıya Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) azadlığa buraxılmasına qərar verdiyi Səlahəddin Dəmirtaşın vəziyyəti ilə bağlı da sual verilib.
O, “Səlahəddin Dəmirtaş hüquqi yollarla bir nəticəyə gəlib. Onun azadlığa çıxması Türkiyə üçün xeyirli olacaq”, - deyib.
Baxçalı parlamentdə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı yaradılan komissiyanın İmralıya getməsi məsələsinə də münasibət bildirib. O, bunun prosesi daha da sürətləndirəcəyini qeyd edib.
Digər tərəfdən, MHP sədri partiyasının belə bir heyətə qoşulmağa hazır olduğunu əlavə edib.
Qeyd edək ki, Səlahəddin Dəmirtaş 2016-cı ildən Ədirnə həbsxanasında saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top