
Serbiyanın “Radniçki 1923” klubunun baş məşqçisi Mladen Jijoviç ölkə çempionatında oyun zamanı vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Telegraf” nəşri məlumat yayıb.
Məlumata görə, ölkə çempionatının 14-cü turunda “Radniçki 1923” “Mladost”la qarşılaşıb.
Məşqçi birinci hissənin yarısında özünü pis hiss edib və ehtiyat oyunçular skamyasının yanında huşunu itirib. Jijoviç xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.
Məşqçi xəstəxanaya aparıldıqdan sonra matç bərpa olunub. Ancaq cəmi 20 dəqiqə sonra futbolçulara mütəxəssisin öldüyü xəbəri verilib. Nəticədə, oyun yenidən dayandırılıb.
Ölümün səbəbi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, 44 yaşlı Jijoviç 2025-ci ildə “Radniçki 1923”ün baş məşqçisi vəzifəsinə keçib. O, əvvəllər Bosniyanın “Zrinjski”, “Sloboda” və Albaniyanın “Şkupi” klublarına rəhbərlik edib.
Futbolçu karyerası ərzində o, “Zrinjski”, “Borats” və “Radnik” komandalarında oynayıb, iki dəfə Bosniya və Herseqovina Kubokunu qazanıb. Jijoviç Bosniya millisində də iki dəfə çıxış edib.
Xatırladaq ki Jijoviç baş məşqçi təyin olunduqdan sonra üçüncü oyununa çıxmışdı.
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz