
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Yeniavaz.com xəbər verir ki, Dövlət Proqramının qəbul olunmasından 9 ay keçməsinə baxmayaraq, bəzi layihələrin icrasına hələ də başlanılmayıb.
Qeyd edək ki, Dövlət Proqramında icrası nəzərdə tutulan layihələrdən biri 2025–2026-cı illərdə Ə. Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçidin təkmilləşdirilməsidir. Bundan başqa, 20 Yanvar yol qovşağının yenidən qurulması və yeni bağlantıların yaradılması da proqramda nəzərdə tutulan işlər sırasındadır.
Eyni zamanda dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, eləcə də digər qurumların iş rejiminin dəyişkən qrafiklə tənzimlənməsi də proqramın əsas tələbləri arasındadır.
Lakin proqramın qəbulundan 9 ay keçməsinə baxmayaraq, 2025–2026-cı illər üçün planlaşdırılan bəzi təkmilləşdirmə işlərinin icrası və dəyişkən iş qrafikinin tətbiqi hələ həyata keçirilməyib.
Bəs, bu proqramda nəzərdə tutulan işlərin icrası niyə ləngiyir?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, proqramda nəzərdə tutulan Bilgəh–Novxanı–Xırdalan–Şamaxı avtomobil yolunun tikintisi, həmçinin Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyasınadək avtomobil yolunun Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi artıq başlanılıb və davam etdirilir:
“Digər layihələr üzrə isə layihələndirmə işləri aparılır və proqram çərçivəsində icra ediləcək”.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Solmaz Aydəmir isə bildirib ki, iş rejiminin dəyişkən qrafiklə tənzimlənməsi ilə bağlı hələlik yenilik yoxdur:
“Yenilik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Fəridə Əsədzadə
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz