Çin də Rusiya neftindən imtina edir – “Bloomberg”


ABŞ və digər ölkələrin Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra Çin neft emalı zavodları Rusiyadan xam neft idxalını kəskin şəkildə azaldıb.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, bu qərarı həm ölkənin iri dövlət şirkətləri – “Sinopec” və “PetroChina Co.”, həm də kiçik özəl emal müəssisələri qəbul ediblər.
Şirkətlər Qərb məhdudiyyətlərinin yaratdığı risklərdən ehtiyat edirlər.
Nəşr qeyd edir ki, Shandong əyalətində fəaliyyət göstərən “Yulong Petrochemical Co.”nun Böyük Britaniya və Avropa İttifaqı tərəfindən sanksiya siyahısına salınması digər şirkətlər arasında da təşviş yaradıb.
“Rystad Energy” konsaltinq şirkətinin hesablamalarına əsasən, Çin zavodlarının alışları dayandırması gündəlik təxminən 400 min barrel neftin idxalına təsir göstərib. Qiyməti sanksiyalara görə xeyli ucuzlaşan ESPO markalı Rusiya xam nefti də bu azalmanın əsas qurbanlarından biri olub.
Çin dünyanın ən böyük xam neft idxalçısıdır. Mütəxəssislər hesab edirlər ki, Pekinin bu addımı ABŞ və digər tədarükçülərin bazarda payını artıracaq. Bununla belə, bəzi Çin şirkətləri sanksiyalardan sonra alternativ tədarük mənbəyi tapmadıqları üçün yenidən Rusiya neftinə üz tutmaq məcburiyyətində qalıblar.
Eyni zamanda, “Reuters” yazır ki, Türkiyə də ABŞ-nin sanksiyaları fonunda İraq, Qazaxıstan və digər ölkələrdən neft alışını artırıb. Hindistan isə oxşar səbəblərlə Rusiya neftinə olan asılılığını azaltmağa hazırlaşır.
ABŞ Maliyyə Nazirliyi sanksiyaları “Rosneft”, “Lukoil” və onların törəmə şirkətlərinə qarşı tətbiq edib. Vaşinqton bu addımı Rusiyanın Ukraynada “sülh prosesinə maraq göstərməməsi” ilə izah edib.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 23-də etiraf edib ki, məhdudiyyətlər müəyyən nəticələr verəcək, lakin ölkənin iqtisadi sabitliyinə “əhəmiyyətli zərbə” vurmayacaq. Baş nazirin müavini Aleksandr Novak isə bildirib ki, Moskva sanksiyalara baxmayaraq, Çinə enerji tədarükünü sabit səviyyədə saxlayır. Onun sözlərinə görə, bu ilin ilk doqquz ayında Çin bazarına 72 milyon ton neft ixrac edilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top