
Azərbaycanın qızıl, mis və gümüş hasilatçısı olan “Anglo Asian Mining PLC” şirkəti “Dəmirli” mis mədəni üzrə istehsal olunan konsentratın satışına dair “Trafigura Pte Ltd” şirkətilə müqavilə imzaladığını elan edib.
Yeniavaz.com şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, müqaviləyə əsasən, “Trafigura” şirkəti tərəfindən 25 milyon dollaradək dövri önödəmə (prepayment) imkanı da təqdim olunur.
Bildirilir ki, şirkət Azərbaycan hökumətindən “Dəmirli” mədəninin emal zavodunun istismarı üçün zəruri olan bütün lisenziyaları əldə edib. Hazırda tələb olunan sənədlərin rəsmiləşdirilməsi prosesi davam edir, lakin lisenziyalar paralel şəkildə verilib. Bundan əlavə, “Anglo Asian”ə mövcud tullantı anbarından 12 ay müddətinə istifadə icazəsi verilib, bu müddətdə isə ikinci tullantı anbarı inşa olunacaq. “Dəmirli” emal zavodunun icarə fəaliyyəti 2025-ci il 1 oktyabr tarixindən başlayıb.
“Trafigura” ilə bağlanan mis konsentratı satış müqaviləsi Azərbaycan hökuməti tərəfindən təsdiqlənib. “Anglo Asian” ilk konsentrat satışını 2025-ci ilin noyabr ayının ortalarında həyata keçirməyi planlaşdırır.
“Anglo Asian” şirkətinin baş direktoru Reza Vəziri bildirib ki, “Dəmirli” mədənində zavodun və tullantı anbarının istismarı üçün bütün müvafiq lisenziyalar alınıb: “Bu, mədənimizin tam istismar mərhələsinə keçidi və Qrup istehsalına daha böyük töhfə verməsi baxımından mühüm addımdır. “Trafigura” ilə satış müqaviləsi və lisenziyaların əldə olunması bizə mis konsentratı satışına başlamağa və “Dəmirli” layihəsindən gəlir əldə etməyə imkan verir”.
Qeyd olunur ki, “Anglo Asian Mining PLC” Azərbaycanda fəaliyyət göstərən mis və qızıl istehsalçısıdır. Şirkət 2024-cü ildə 377 ton mis və 15 073 unsiya qızıl hasil edib. 2025-ci ilin ilk doqquz ayı ərzində hasilat müvafiq olaraq 3 475 ton mis və 18 912 unsiya qızıl olub.
Şirkətin strateji planına görə, 2030-cu ilə qədər “Anglo Asian” çoxmədənli, orta səviyyəli mis və qızıl istehsalçısına çevriləcək və illik 50–55 min ton mis hasilatı planlaşdırır. Bu məqsədlə 2027–2030-cu illərdə “Xarxar”, “Qaradağ” və “Zəfər” mədənlərinin istismara verilməsi, habelə yeni açılan “Gilar” və “Dəmirli” mədənlərində hasilatın artırılması nəzərdə tutulur. “Gilar” mədənində hasilat 2025-ci ilin mayında, “Dəmirli” mədənində isə iyulunda başlanıb.
Onu da bildirək ki, “Dəmirli” yatağı Tərtər rayonuna daxildir. Keçmiş Ağdərə rayonunun tərkibində olan Dəmirli kəndi, 1992-ci il oktyabrın 13-də Milli Məclisin qərarı ilə Tərtər rayonuna verilib. Bu yataq Azərbaycanın ən iri mis ehtiyatlarından birinə malikdir. Yataqda təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir.
2019-cu ildə “Azersky” peyk təsvirləri vasitəsilə 740 hektar ərazidə ermənilər tərəfindən qanunsuz geoloji kəşfiyyat, hasilat və infrastruktur tikinti işlərinin aparıldığı müəyyən edilib. Ermənilər bu kəndi Kaşen adlandırıblar. Hazırda “Anglo Asian Mining” şirkəti 2 yataqda hasilat aparır. “Gədəbəy” yatağında ilk qızıl hasilatı 2009-cu ildə, gümüş hasilatı isə 2010-cu ildə başlanıb. “Qoşa” yatağı 2013-cü ilin sentyabrından işlənilir. Bu il ərzində “Vejnəli” və “Gilar” yataqlarında hasilatın başlanması planlaşdırılır.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanan Hasilatın Pay Bölgüsü tipli müqavilə çərçivəsində fəaliyyət göstərir. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına “Gədəbəy” yatağında 2009-cu ildə başlanılıb.
Hazırda “Qoşa”, “Qaradağ”, “Gədəbəy”, “Dəmirli”, “Ordubad”, “Vejnəli”, “Xarxar”, “Qızılbulaq” yataqlarının işlənməsi “Anglo-Asian Mining” şirkətinə verib.
Onu da bildirək ki, “Anglo-Asian Mining” şirkətinin əsas səhmdarları arasında 1989-91-ci illərdə - ABŞ Prezidenti Corc Buşun dövründə “Ağ ev”in Aparat rəhbəri olmuş Con Sununu və onun oğlu Mikayel Sununu da yer alır.
Con Sunununun böyük oğlu – 1964-cü il təvəllüdlü Corc Sununu isə 2003-2009-cu illərdə ABŞ Senatının üzvü olub.
Con Sunununun kiçik oğlu – 1974-cü il təvəllüdlü Kris Sununu 2017-ci ildən etibarən Nyu-Hempşir ştatının qubernatorudur.
Hazırda “Anglo-Asian Mining” şirkətinə İran əsilli iş adamı Reza Vəziri rəhbərlik edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz