
“Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Prezident İlham Əliyev deyib.
“Bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun yüz faizini, bəlkə də daha çox təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur. Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni, bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədi”, - Prezident bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz