Türkiyədə illik inflyasiya 33 faiz olub


Bu ilin oktyabr ayında Türkiyədə istehlak qiymətləri əvvəlki aya nisbətən 2,55 faiz, ötən ilin eyni dövrünə görə (illik) isə 32,87 faiz artıb.
Yeniavaz.com
Türkiyə Statistika Təşkilatının məlumatlarına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə istehlak qiymətlərində illik artım 48,58 faiz səviyyəsində olub.
Əsas istehlak qruplarına baxdıqda, ən yüksək illik qiymət artımı mənzil xərclərində qeydə alınıb. Bu kateqoriyada artım 50,96 faiz təşkil edib. Qida və alkoqolsuz içkilərdə illik artım 34,87 faiz, nəqliyyatda isə 27,33 faiz olub.
Oktyabr ayında ümumi qiymət artımı 2,55 faiz təşkil edib. Aylıq əsasda ən çox bahalaşma qida və alkoqolsuz içkilər qrupunda müşahidə olunub. Bu göstərici 3,41 faiz artıb. Mənzil xərcləri 2,66 faiz, nəqliyyat xərcləri isə 1,07 faiz yüksəlib.
2025-ci ilin oktyabr ayı etibarilə 143 əsas məhsul kateqoriyasından 118-də qiymətlər yüksəlib, 18 kateqoriyada azalma olub, 7-də isə dəyişiklik qeydə alınmayıb.
Onu da bildirək ki, ötən illə müqayisədə inflyasiya səviyyəsinin aşağı düşməsinə baxmayaraq, Türkiyə hələ də dünyada ən yüksək inflyasiyanın qeydə alındığı 5-ci ölkə hesab olunur. Dünyada ən yüksək inflyasiya səviyyəsi Venesuelada qeydə alınıb. Bu ölkədə illik inflyasiya 172 faizə bərabərdir. Bundan başqa Sudanda 146,6%, İranda 45,3%, Burundidə isə 34,5% olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top