Alimlər təhlükəli xəstəliklərin səbəbini izah edən bir zülal kəşf ediblər


Viskonsin-Madison Universitetinin alimləri xromosomların sabitliyini təmin edən mühüm zülalda yaranan nasazlıqların ciddi, hətta ölümcül xəstəliklərin səbəbi ola biləcəyini müəyyən ediblər.
Yeniavaz.com
xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu “Science” jurnalında dərc olunub.
Xromosomların uclarını qoruyan telomerlər yaşın artması ilə təbii olaraq qısalır. Lakin bu prosesdə baş verən pozuntular DNT-nin sabitliyini azaldaraq vaxtından əvvəl qocalma və xərçəng kimi xəstəliklərə yol aça bilər.
Biokimya professoru Qi Limin rəhbərlik etdiyi tədqiqat qrupu telomer uzunluğunu qoruyan telomeraza fermenti ilə qarşılıqlı təsirdə olan zülalları araşdırıb. Maşın öyrənmə sistemi olan “AlphaFold”un köməyi ilə aparılan araşdırma nəticəsində replikasiya zülalı A (RPA) telomerlərin qorunmasında əsas amil kimi müəyyən edilib.
RPA-nın DNT-nin replikasiyası və bərpasında rolu əvvəldən məlum olsa da, onun uzun və sağlam telomerlərin saxlanmasındakı əhəmiyyəti ilk dəfə eksperimental şəkildə sübuta yetirilib. Mütəxəssislər bildiriblər ki, RPA-nın funksiyasındakı nasazlıq telomerazanın fəaliyyətini zəiflədir və telomerləri qoruya bilmir.
Bu kəşf qısalmış telomerlərlə əlaqəli olan aplastik anemiya, mielodisplastik sindrom və kəskin mieloid lösemi kimi xəstəliklərə dair mühüm izah təqdim edir. Professor Lim qeyd edib ki, daha əvvəl bəzi xəstələrin vəziyyətinin səbəbi məlum deyildi, lakin yeni məlumatlar onların RPA zülalında baş verən mutasiyalarla üzləşdiyini göstərir.
Tədqiqat komandası artıq dünyanın müxtəlif ölkələrindən həkim və alimlərdən bu genetik mutasiyanın pasiyentlərində mövcud ola biləcəyi ilə bağlı sorğular alır.

DİGƏR XƏBƏRLƏR

Top