
Türkiyədəki ən böyük neft emalı zavodları son Qərb sanksiyalarına görə Rusiya neftini azaldır və başqa ölkələrdən neft alır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyə Çin və Hindistanla birlikdə Rusiya neftinin əsas alıcılarındandır. Lakin, Türkiyə Hindistan kimi Rusiya neftindən imtina etməyə başlayıb.
Azərbaycanın SOCAR şirkətinə məxsus olan STAR neft emalı zavodu dekabr ayı üçün İraq, Qazaxıstan və digər ölkələrdən dörd yük (partiya) Rusiya mənşəli olmayan neft alıb.
Bu neft miqdarı gündəlik 77 000 – 129 000 barel arası dəyişir. Bu isə o deməkdir ki, SOCAR zavodu daha az Rusiya nefti istifadə edəcək.
Məlumatlara görə, sentyabr və oktyabr aylarında STAR zavodunda gündəlik təxminən 210 000 barel neft emal olunub və bunun demək olar ki, hamısı Rusiya nefti olub.
Dörd neft yükündən biri Qazaxıstandan gələn KEBCO neftidir. Bu neft keyfiyyətcə Rusiya neftinə bənzəyir. STAR zavodu bu il cəmi bir dəfə bu növdə neft alıb.
Türkiyənin digər böyük neft emalçısı “Tüpraş” da Rusiya neftinə bənzər keyfiyyətdə neft almağa başlayıb. Əlavə detallar verilməyib.
Mənbələr bildirir ki, “Tüpraş” yaxın vaxtlarda öz zavodlarından birində Rusiya neftindən tamamilə imtina edə bilər. Bu addım Avropaya yanacaq satmaq üçün atılır, çünki Avropa Rusiyadan neft alan şirkətlərə qarşı sanksiyalar hazırlayır. Amma şirkətin digər zavodunda Rusiya neftindən istifadə davam edəcək.
SOCAR bu barədə heç bir rəy bildirməyib. “Tüpraş” isə “Reuters”in suallarına cavab verməyib.
“Tüpraş” bu il neft tədarükünü daha da müxtəlifləşdirib. İlk dəfə Braziliyadan neft alıb. İndi isə noyabrda Anqoladan ikinci dəfə neft alacağı gözlənilir.
Məlumatlara əsasən, Türkiyə noyabr ayında gündəlik 141 000 barel İraq nefti alacaq. Bu, oktyabr ayı ilə müqayisədə 42 000 barel çoxdur və ilin əvvəlindən bəri orta səviyyədən də xeyli yuxarıdır. Dekabr ayı üçün məlumatlar hələ açıqlanmayıb.
Ümumilikdə, Türkiyə yanvar-oktyabr aylarında gündə 669 000 barel neft idxal edib. Bunun 47 faizi – yəni 317 000 bareli Rusiyadan gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz