Bu ölkədə 2007-ci ilin yanvarından sonra doğulanlara siqaret qadağası gətirildi


Maldiv adalarında 2007-ci ilin yanvar ayından sonra doğulan bütün şəxslərə siqaretlə bağlı tam məhdudlaşdırıcı qadağa tətbiq edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bu təşəbbüs Prezident Mohamed Muizzu tərəfindən ilin əvvəlində irəli sürülüb və 1 noyabrdan qüvvəyə minib. Nazirlik bəyan edib ki, qərarın məqsədi əhalini qorumaq və siqaretsiz nəsil yetişdirilməsinə töhfə verməkdir.
“Yeni qərara əsasən, 2007-ci il yanvarın 1-də və ya ondan sonra doğulan şəxslərə Maldiv adalarında siqaret məhsulları almaq, istifadə etmək və ya satmaq qadağandır”, – deyə açıqlamada bildirilir.
Qeyd olunub ki, qadağa siqaretin bütün növlərinə şamil edilir və pərakəndə satıcılar satışdan əvvəl müştərinin yaşını təsdiqləməyə borcludurlar.
Bu tədbir həmçinin ölkəyə gələn turistlərə də şamil olunur. Nazirliyin məlumatına görə, elektron siqaretlər və veyp cihazları üçün lazım olan materialların idxalı, satışı, paylanması, saxlanması və istifadəsi üzərindəki tam qadağa qüvvədə qalır və bu qayda yaşından asılı olmayaraq bütün şəxslərə aiddir.
Azyaşlılara siqaret məhsullarının satılması 50 min rufiya (təxminən 3 200 ABŞ dolları) məbləğində cərimə ilə, veypdən istifadə isə 5 000 rufiya (təxminən 320 dollar) cərimə ilə nəticələnəcək.
Qeyd edək ki, nəsillərə aid belə qadağa Böyük Britaniyada da təklif olunub, lakin hələlik qanunvericilik mərhələsindədir. Digər tərəfdən, Yeni Zelandiya siqaret çəkməyə qarşı belə qanunu qəbul edən ilk ölkə olsa da, onu tətbiqindən təxminən bir il sonra, 2023-cü ilin noyabrında, ləğv edib.

DİGƏR XƏBƏRLƏR

Top