Ceksonun varisləri 5 ildə 16,5 milyon dollar təzminat ödəyib − FT


2025-ci ildə Maykl Ceksonun irsi fondu müğənnini cinsi təcavüzdə ittiham edən beş iddiaçıya son 2,5 milyon dolları gizli şəkildə ödəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu ödəniş ittihamçılarla 2020-ci ildə əldə edilmiş razılaşmaya əsasən son ödəniş olub. Razılaşma üzrə ümumi təzminat 16,5 milyon dollar olub - beş iddiaçının hər biri üçün 3,3 milyon dollar.
“Financial Times” iddiaçıları uzun illər Maykl Ceksonun yaxın dostları hesab edilən Dominik Kassionun ailə üzvləri kimi qeyd edir. Kassiolar, 2020-ci ildə razılaşmanın şərtlərini başa düşmədən məcburiyyət altında imzaladıqlarını və indi daha böyük təzminat tələb etdiklərini iddia edirlər.
Məhkəmə sənədlərinə görə, oktyabr ayında Kassio ailəsinin beş üzvü Ceksonun uşaqlıqdan başlayaraq onilliklər ərzində onları cinsi istismara məruz qoyduğunu iddia edib. Müğənninin varisləri bu ittihamları yalan və qəsb cəhdi adlandırırlar.
Tərəflər son bir il ərzində təkbətək danışıqlar aparırdılar, lakin Kassio ailəsi indi ictimai dinləmə tələb edir. Los-Anceles Ali Məhkəməsində noyabrın 6-na dinləmə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top