
Türkiyəli məşhur aktyor Engin Çağlar ötən gecə İstanbulun Şişli rayonunda baş verən dəhşətli yol qəzasında həyatını itirib.
Yeniavaz.com “Haberler.com” portalına istinadla xəbər verir ki, 80 yaşlı aktyor yolu keçmək istəyərkən yüksək sürətlə gələn motosikletin vurması nəticəsində həyatını itirib.
Yerli sakinlərin xəbərdarlığından sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.
Ağır bədən xəsarətləri alan veteran aktyor xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, əsl adı Çağlan Övet olan Engin Çağlar 1940-cı ildə İstanbulda anadan olub. O, 1960-1970-ci illərdə türk kinosunun ən məşhur kişi aktyorlarından biri kimi tanınıb.
“Yeşilçam”ın əfsanə aktyoru “Kınalı Yapıncak”, “Feride”, “Makber”, “Rüyalar Gerçek Olsa” kimi filmlərdə oynadığı baş rollarla yaddaşlara həkk olunub.
Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik kimi Yeşilçam əfsanələri ilə bir çox filmdə rol alıb.
O, 55 ildən çox davam edən karyerasında “Film-San” prezidenti vəzifəsini icra edib.
Tətbiqimizi yükləyə bilərsiniz