
“Təkcə bizim oyuna görə yox, ümumiyyətlə futbolun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Çempionatın səviyyəsi aşağıdır. Futbolçunu nə qədər motivasiya etsən də, sənin düşündüyün motivasiyada oynamır. Biri də var, sən motivasiya verdin, azarkeş də motivasiya verdi. “Atletik”lə oyunda tam başqa səviyyə idi, azarkeşlər futbolçularına necə motivasiya verirdilər. Dayanmadılar, 90 dəqiqə dəstək oldular, bizə təzyiq etdilər”.
Yeniavaz.com Sportal.az-a istinadən xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 10-cu turunda “Azersun Arena”da “İmişli”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov qeyd edib ki, bəzi çempionat oyunlarında 3-4 min azararkeş görəndə sevinirlər, futbolçular sevinir ki, nə qədər azarkeş gəlib:
“Bu cür oyunda nə qədər alqış olardı, motivasiya olardı. Azarkeşsiz futbol keyfiyyətsiz görünür. Keyfiyyətli qaldırmaq üçün səbəblər varsa, meydança amili, hava şəraiti, onlardan biri də azarkeşdir. Ona görə də çox istəyərdik ki, azarkeşlər oyunumuza gəlsinlər. 3 min nəfərlik stadiondursa, tam dolsun. Dolu stadion tam başqadır. Ümidlə yaşayırıq. Yəqin ki, qarşıdakı illərdə olar”.
“Kontenin 2017-ci ildəki “Çelsi”si daha təhlükəlidir, yoxsa Mareskanın indiki komandası?” – sualına isə baş məşqçi belə cavab verib:
“Fərq məşqçilərdədir, fərqli futbol sərgiləyirlər. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Bu gün “Çelsi” daha yuxarı səviyyədədir, Kontenin “Napoli”si də yuxarı səviyyədədir. Futbol çox inkişaf edib. Dinamika qaxlıb, güc çoxalıb. Buna da hamı uyğunlaşır. Onlar o çempionatlarda qarşılığını görürlər, bizdə fərqidir. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki “Qarabağ”dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib”.
Tətbiqimizi yükləyə bilərsiniz