Yeni yaranan şirkətlər 2-3 ayadan sonra ölkənin ən böyük ixracatçısına çevrilir


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard dollar olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20,5% artaraq 841,4 milyon dollara çatıb.
Qeyd olunan dövrdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (238 milyon  dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (157,2 milyon dollar) ikinci, pambıq lifi (134,7 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
Bu ilin doqquz ayında Rusiyaya 878,9 milyon dollar, Türkiyəyə 435,8 milyon dollar, İsveçrəyə 247,8 milyon dollar, Gürcüstana 244,8 milyon dollar, Ukraynaya isə 147,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Onu da bildirək ki, bu ilin yanvar-sentyabr aylarında ən çox qeyri-neft məhsulu ixrac edən 10 özəl şirkətin 3-i yeni təsis olunub. Bu ilin ilk 9 ayında 40,2 milyon dollar dəyərində məhsul ixrac edərək ən çox qeyri-neft məhsulu ixrac edən özəl şirkətlərin siyahısında 5-ci sıraya yüksələn "Export Stream" MMC ötən ilin 19 sentyabr tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət ötən il heç bir ixrac həyata keçirməyib. Bundan başqa ötən ilin noyabr ayının 25-də dövlət qeydiyyatına alınan "UYTROP" MMC bu ilin ilk 9 ayında 29,1 milyon dollarlıq ixrac ilə 7-ci sırda, noyabr ayının 19-da dövlət qeydiyyatına alınan "HOPER" MMC isə bu ilin ilk 9 ayında 22,9 milyon dollarlıq ixrac ilə 10-cu sırda qərarlaşıb.
Xatırladaq ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xarici ölkələrə müxtəlif növ kənd təsərrüfatı məhsulları ixrac edən onlarla sahibkarlıq subyekti haqqında cinayət işi açılıb. Məlumatlardan belə görülür ki, ixrac etdikləri məhsullara görə əldə olunan pul vəsaitlərini ölkəyə geri qaytarmadıqları üçün onlarla hüquqi şəxsin rəhbəri və fərdi sahibkar haqqında həbs qərarı verilib.
Bu şirkətlərin böyük əksəriyyəti dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra qeyri-neft sektorunda ölkənin ən böyük ixracatçı şirkətlərinə çevriliblər və növbəti illərdə adları ümumiyyətlə ixracatçı şirkətlərin siyahısnda olmayıb.
Məsələn, “Local Garden” MMC 19 iyun 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət 2021-ci ilin ilk 9 ayı ərzində 93 milyon manatlıq ixrac ilə qeyri-neft sektorunda ölkənin ən böyük 3-cü ixracatçı şirkətinə çevrilib.
Yaxud, 30 oktyabr 2018-ci iki şirkət – “Nine Climate” MMC və “Global Export Fruıts” MMC dövlət qeydiyyatına alınıb. Şirkətlər həm eyni hüquqi ünvanda qeydiyyatdadır, həm də qanuni təmsilçiləri eyni şəxs olub. Bu şirkətlər də elə növbəti il - 2019-cu ildə 136 milyon manatlıq ixrac ilə qeyri-neft sektorunda ölkənin ən böyük 4-cü və 5-ci ixracatçı şirkətləri olublar.
Başqa bir şirkət – “Land Lojistic” MMC 4 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Qeydiyyata alındıqdan sonrakı 3 ay ərzində 19 milyon manat, növbəti – 2020-ci ildə isə 153 milyon manatlıq məhsul ixrac edərək qeyri-neft sektorunda ölkənin ən böyük özəl ixracatçı şirkəti olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top