Monteneqroda azərbaycanlıların saxlanılması məsələsi nəzarətə götürülüb


Monteneqro Respublikasının İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan vətəndaşlarının saxlanılması ilə bağlı məsələni nəzarətə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın məktubuna ünvanladığı cavabda qeyd olunub.
Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürülərək bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşlarına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.
S.Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.
“Hadisə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır”, - Ombudsman Aparatının məlumatında deyilir.
Xatırladaq ki, oktyabrın 25-də Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasına görə saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşı Yaqub Qurbanov da var.

DİGƏR XƏBƏRLƏR

Top