“Moskva” univermağında qanunsuz təmir işləri aparılıb – Rəsmi


Yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş “Moskva” univermağının binasına baxış keçirilən zaman qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bBu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, baxış zamanı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozularaq, layihəsi razılaşdırılmadan genişmiqyaslı təmir və söküntü işlərinin aparıldığı müəyyən edilib:
“Abidənin arakəsmə divarları sökülüb, pilləkən hissəsində ağır dəmir konstruksiya quraşdırılaraq əlavə sahə yaradılıb, döşəməyə beton tökülüb, ticarət zalında dəmir konstruksiyalar vasitəsilə əlavə mağazalar inşa edilib. Qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilən təmir-tikinti işləri nəticəsində binanın orijinal memarlıq quruluşu dəyişdirilib, daxili plan həlli pozulub, tarixi abidə öz autentik dəyərini itirmək təhlükəsi ilə üz-üzə qalıb”.
Qeyd olunub ki, qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılması ilə bağlı xəbərdarlıqlara istifadəçi tərəfindən məhəl qoyulmayıb:
“İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin razılaşdırılmadan yeni quruluşa salınması, zahiri görkəminin dəyişdirilməsinə görə inzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib”.
Qeyd edək ki, Bakı şəhəri Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsində yerləşən "Moskva" univermağının binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top