
Braziliyanın Rio-de-Janeyro şəhərinin rəsmiləri məşhur “Marakana” stadionunu satışa çıxarmaq qərarına gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RMC Sport” radiostansiyası məlumat yayıb.
Məlumata görə, şəhərin qanunvericilik məclisi bu qərarı stadionun təmiri ilə bağlı xərclərdən yayınmaq və regionun 1,89 milyard avro dəyərində olan borcunun bir hissəsini ödəmək üçün verib.
“Marakana” “Flamenqo” və “Fluminense” komandalarının ev stadionudur. Stadion həmçinin, Braziliya millisinin ev oyunlarına da ev sahibliyi edir.
1950-ci ildə stadionda Uruqvay Braziliyanı məğlub edərək Dünya Çempionu olub. Arenada Almaniyanın qalib gəldiyi 2014-cü il Dünya Kubokunun finalı və Braziliyanın qalib gəldiyi 2016-cı il Olimpiada futbol turnirinin həlledici matçı da keçirilib.
Stadion 78 min tamaşaçı tutumuna malikdir.
Tətbiqimizi yükləyə bilərsiniz