
Yaponiyanın “Toyota” avtomobil konserninin nümayəndələri Rusiyanın iri avtomobil dilerləri ilə gizli görüş keçiriblər.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı “Autonews.ru” portal yayıb.
Bildirilir ki, görüşdə iştirak edənlər məlumatın açıqlanmaması barədə öhdəlik götürüblər.
Məlumatda qeyd olunur ki, bu görüş Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın Alyaskada keçirdiyi danışıqlardan sonra baş tutub. Görüşdə tərəflər “Toyota”nın Rusiya bazarına qayıtmaq imkanlarını və əməkdaşlıq variantlarını müzakirə ediblər, lakin görüşün detalları açıqlanmayıb.
“Toyota”nın Moskva ofisi yayılan məlumatlara münasibət bildirərək vurğulayıb ki, şirkət hazırda Rusiyaya yeni avtomobillər idxal etməyi planlaşdırmır. Bununla yanaşı, şirkət nümayəndəsi qeyd edib ki, “Toyota” və “Lexus” brendlərinin müştərilərinə xidmət keyfiyyətini artırmaq məqsədilə dilerlərlə işçi görüşlər və konfranslar mütəmadi keçirilir.
Rusiya Avtomobil Dilerləri Assosiasiyasının (ROAD) keçmiş rəhbəri Oleq Moseyev də “Toyota”nın Rusiyada fəaliyyətini bərpa etməkdə maraqlı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, şirkət bir neçə diler konfransı keçirib və Çin üzərindən avtomobil ixracı üçün lobbiçilik fəaliyyətini davam etdirir.
“Toyota” 2007-ci ildən Sankt-Peterburq yaxınlığındakı Şuşarı zavodunda RAV4 və “Camry” modellərini istehsal edib. 2022-ci ilin martında sanksiyalar səbəbindən ehtiyat hissələrinin çatışmazlığı ilə əlaqədar istehsal dayandırılıb, həmin ilin sentyabrında isə zavodun bağlanması qərarı qəbul edilib.
2023-cü ilin martında “Toyota” Rusiyadakı istehsal gücünü dövlətə - FSUE NAMI-yə (Sənaye və Ticarət Nazirliyi vasitəsilə) təhvil verib. Şirkət bu addım nəticəsində 655 milyon dollar zərər gördüyünü açıqlayıb.
“Toyota” avtomobilləri 2022-ci ildən etibarən paralel idxal sxemi ilə yenidən Rusiyaya gətirilir. “Avtostat” analitik mərkəzinin məlumatına əsasən, 2025-ci ilin əvvəlindən bəri rus alıcılar 17 min 222 “Toyota” avtomobili alıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% artım deməkdir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz