
ABŞ və Böyük Britaniyanın sanksiyalarının tətbiqindən sonra azərbaycanlı milyarder Vahid Ələkbərovun da əsas səhmdar olduğu “Lukoil” şirkəti beynəlxalq aktivlərini satışa çıxarıb və beynəlxalq əmtəə treyderi “Gunvor”dan təklif alaraq onu qəbul edib.
Yeniavaz.com “Lukoil” dən verilən məlumata istinadən bildirir ki, sövdələşmə “LUKOIL International GmbH”nin 100% payının alınmasını nəzərdə tutur.
Bildirilir ki, tərəflər müqavilənin əsas şərtləri barədə razılığa gəliblər və “Lukoil” digər potensial alıcılarla danışıqlar aparmamaq barədə öhdəlik götürüb. Əməliyyatın tam başa çatdırılması üçün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) icazə, eləcə də digər ölkələrdən lisenziyalar və təsdiqlər tələb olunur.
Şirkət həmçinin bildirib ki, əməliyyat başa çatanadək beynəlxalq aktivlərin fasiləsiz işləməsini təmin etmək məqsədilə mövcud OFAC lisenziyasının və digər icazələrin müddətinin uzadılması üçün müraciət ediləcək.
“Lukoil” vurğulayıb ki, xarici aktivlərin satışı bəzi dövlətlərin şirkətə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərlə əlaqədardır. ABŞ Maliyyə Nazirliyi ötən həftə “Lukoil” və “Rosneft”-ə qarşı sanksiyalar tətbiq edib, əməliyyatları isə noyabrın 21-dək dayandırmaq üçün lisenziya verib.
Bununla belə, Azərbaycan və Qazaxıstandakı “Şahdəniz”, CPC (Xəzər Boru Kəməri Konsorsiumu), TengizChevroil və digər beynəlxalq layihələr 2027-ci il oktyabrın 14-dək sanksiyalardan istisna edilib.
Qeyd edək ki, ötən həftə “Lukoil”in ticarət bölməsi olan “Litasco Middle East DMCC” də Aİ-nin sanksiyalar siyahısına salınıb.
Onu da qeyd edək ki, “Lukoil”in Azərbaycandakı törəmə şirkəti “LUKOIL-Azərbaycan” QSC 1993-cü ildə yaradılıb və bu, “Lukoil”in ilk xarici layihəsi olub. Hazırda şirkətin 87 yanacaqdoldurma məntəqəsi, 1 neft bazası və təxminən 500 əməkdaşı var. Bundan başqa, “Lukoil” BP-dən sonra “Şahdəniz” layihəsində ən böyük – 19,99% paya sahibdir. Həmçinin, “Lukoil” Cənubi Qafqaz Boru Kəmərində də 19,99% iştirak payına malikdir.
Məlumat üçün bildirək ki, dünyanın aparıcı enerji ticarət şirkətlərindən biri olan “Gunvor Group” 1997-ci ildə rusiyalı iş adamı Gennadi Timçenko və isveçli sahibkar Torbörn Törnkvist tərəfindən təsis edilib. Şirkət 2000-ci ildən etibarən beynəlxalq enerji bazarlarında aktiv ticarət fəaliyyətinə başlayıb.
2008-ci ildən başlayaraq “Gunvor” bir sıra mühüm investisiya layihələrinə imza atıb. Həmin il şirkət “Petroterminal de Panama”ya sərmayə qoyaraq Sakit və Atlantik okeanları arasında strateji enerji nəqliyyat infrastrukturuna sahib olub. 2009-cu ildə isə Novorossiysk mazut terminalı və Xəzər dənizindəki Laqan yataqlar blokuna sərmayə yatırılıb.
2011-ci ildə şirkət Türkiyənin “Akfel” şirkəti ilə birgə müəssisə yaradaraq enerji ticarəti bazarına daxil olub.
2014-cü ilin martında Rusiyanın Krımı ilhaq etməsindən sonra Qərbin sanksiyalarına məruz qalmaqdan ehtiyat edən Gennadi Timçenko öz payını Torbörn Törnkvistə satıb. Sövdələşmədən bir gün sonra Timçenko ABŞ sanksiyalar siyahısına daxil edilib. Bununla da “Gunvor”un nəzarəti tam şəkildə Torbörn Törnkvistin əlinə keçib. ABŞ Maliyyə Nazirliyi həmin dövrdə iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin “Gunvor” biznesində dolayı paya malikdir, lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Hazırda “Gunvor” səhmlərinin təqribən 88%-i Torbörn Törnkvistə, 12%-i isə şirkətin menecmentinə məxsusdur.
“Gunvor” uzun illər Rusiyanın əsas neft istehsalçıları olan “Rosneft”, “Qazprom Neft”, TNK-BP və “Surgutneftegaz” üçün aparıcı treyder kimi çıxış edib.
“Gunvor” fəaliyyəti dövründə bir sıra qalmaqal və tənqidlərlə də üzləşib. 2007-ci ildə rusiyalı politoloq Stanislav Belkovski Vladimir Putinin şirkətdə payı olduğunu iddia etsə də, bu məlumat təsdiqlənməyib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz