Pakistan Əfqanıstanla danışıqları bərpa etdi – KİV


Pakistan Türkiyənin xahişi ilə Əfqanıstanla danışıqları bərpa edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Geo News” telekanalı mənbələrə istinadla məlumat yayıb.  
“Vəziyyətlə tanış olan mənbələr “Geo News”a bildiriblər ki, Pakistan sülhə daha bir şans vermək üçün dialoqu bərpa etmək qərarına gəlib. Əvvəlki danışıqların iflasa uğramasından sonra vətənə qayıtmağa hazırlaşan Pakistan nümayəndə heyəti indi müzakirələri davam etdirmək üçün İstanbul səfərini uzadacaq”, - nəşr qeyd edib.
Mənbələrin məlumatına görə, danışıqlarda Pakistanın Əfqanıstanla bağlı əsas tələbi - onun ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı aydın, təsirli tədbirlər görülməsi müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl Pakistanın rabitə və informasiya naziri Attaullah Tarar Əfqanıstan tərəfi ilə İstanbulda 4 günlük danışıqların nəticəsiz başa çatdığını bəyan etmişdi.
Xatırladaq ki, oktyabrın 15-nə keçən gecə Durand xətti (iki ölkə arasında Kabilin tanımadığı sərhəd) boyunca döyüşlər başlayıb. Pakistan ordusu ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda nəzarət-buraxılış məntəqələrinə hücuma cavab olaraq Əfqanıstandakı terrorçuların mövqelərinə zərbələr endirib. Daha sonra Pakistan Xarici İşlər Nazirliyi Əfqanıstanla müvəqqəti atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top