
Rusiyanın Sverdlovsk vilayətində itkin düşən azərbaycanlı iş adamı İlqar Xanədanovun meyiti tapılıb.
Yeniavaz.com “E1.ru” portalına isitnadla xəbər verir ki, 49 yaşlı iş adamı oktyabrın 24-də Zareçnı şəhərində itkin düşüb.
Beş günlük axtarışdan sonra ailəsinə onun meyitinin tapıldığı barədə məlumat verilib.
“Oktyabrın 29-da ərimi ölü tapdılar. Müstəntiqlər dünən gec saatlara qədər işləyiblər, ona görə də vəziyyəti ancaq bu gün öyrənəcəyik. Amma artıq bunun qətl olduğu təsdiqlənib və iş araşdırılır. Vida mərasimi Zareçnıda olacaq, bundan sonra cənazə Azərbaycana aparılacaq, həyat yoldaşım orada ailəsinin yanında dəfn olunacaq”, - deyə iş adamının həyat yoldaşı Tatyana bildirib.
Xanədanov oktyabrın 24-də dostu ilə avtomobillə Mezenskaya kəndinə gedərkən yoxa çıxıb. Həmin gecə dostu ilə evə getməyə hazırlaşıb, amma yolda ona zəng gəlib.
Qardaşının sözlərinə görə, qızğın söhbətdən sonra İlqar dostunu ən yaxın döngədə düşürüb. O vaxtdan onunla əlaqə saxlamaq mümkün olmayıb.
Bazar günü, oktyabrın 26-da İlqarın qardaşı onun ağ rəngli “Mercedes” markalı avtomobilini yolun kənarındakı meşədə tapıb. O, iddia edib ki, bir gün əvvəl buradan keçib, lakin avtomobil orada olmayıb.
“Maşının qapısı açıq idi. Açarlar hələ də maşının üstündə idi, ancaq pul kisəsi, ev açarları, mobil telefonu yox idi. Maşın qan içində idi. Ancaq polis onun vurulan zaman maşında olmadığını bildirdi. Çox güman ki, onu çöldə vurublar, sonra sükan arxasına qoyublar”, - deyə iş adamının qardaşı qeyd edib.
“Fikrimcə, o, görüşdüyü adamı tanıyıb və ona inanıb. Və görünür, belə bir şeyin onun başına gələ biləcəyini heç ağlına da gətirməyib” - o, əlavə edib.
Qeyd edək ki, İlqar Xanədanov bizneslə məşğul olurdu. O, Zareçnıda “fast food” mağazasının sahibi idi.
Tətbiqimizi yükləyə bilərsiniz