İcra hakimiyyəti Çuxuryurdda 101 hektarlıq istirahət kompleksinin tikintisinə icazə verdi


Şamaxı Rayon İcra Hakimiyyəti Çuxuryurd kəndində istirahət kompleksinin tikintisinə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, İcra Hakimiyyəti istirahət kompleksinin tikintisinə 16 sentybar 2025-ci il tarixli 4 saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 11 avqust 2022-ci il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə MİHO/2.1.2-2-2022-3989 saylı, həmçinin 13 fevral 2024-cü il tarixində tikinti layihəsinə dair 36899 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikinti ərazisinin sahəsi 101 hektarı əhatə edəcək. İstirahət kompleksinin ərazisində iki hovuz, 2 idman zalı, hər biri 2 və 3 mərtəbədən (zirzəmili) ibarət  11 fərdi ev, 2 mərtəbəli qonaq evlərindən ibarət olacaq.
Məlumat üçün bildirək ki, Çuxuryurd kəndində tikintisinə icazə verilən istirahət kompleksinin sifarişçisi “Foton” MMC-dir.
Qeyd edək ki, hazırda Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestrində “Foton” MMC (VÖEN – 6800354871) adlı bir şirkət barədə məlumat var. Nizamnamə kapitalı 6 manat olan bu şirkət 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Sabirabad şəhəri, M. Xəlilov ev 35 ünvanında yerləşir.
Bundan başqa barəsində kommersiya qurumlarının dövlət reyestrində məlumat olmayan daha bir “Foton” MMC (VÖEN – 1700439491) haqqında isə 2022-ci ildə “Vergilər” qəzeti məlumat yayıb. Həmin məlumatda qeyd olunurdu ki, “PMD Əmlak” MMC-nin (VÖEN - 1406228571) fəaliyyətinə xitam verilərək “Foton” MMC-yə qoşulur.
Onu da qeyd edək ki, “PMD Əmlak” MMC-nin hüquqi ünvanı ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda - Neftçilər prospekti ev 153-də yerləşir.
Xatırladaq ki, 2008-ci ildən sonra Azərbaycanda eyni ad ilə iki kommersiya qurumunun qeydiyyatına icazə verilmir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top