MİDA-nın güzəştlə satdığı mənzillər bahalaşıb – Yeni qiymətlər


Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) paytaxt Bakıda və bölgələrdə inşa olunan yaşayış binalarında yerləşən mənzillərin güzəştlə satışını elan edib.
Yeniavaz.com
xəbər verir ki, satışa çıxarılan ən bahalı mənzillər Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsi, 590 saylı sahə ünvanında yerləşən Binəqədi Yaşayış Kompleksində yerləşir.
Qeyd edək ki, bu yaşayış kompleksində satışa çıxarılan mənzillərin 1 kvadrat metrinin satış qiyməti 1200 manat təşkil edir.
Ən ucuz mənzillər isə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksində satışa çıxarılır. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin satış qiyməti 850 manatdır.
Bunlardan başqa, Yevlax və Şirvan şəhərlərində, həmçinin Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən yaşayış komplekslərində mənzillərin 1 kvadrat metri 950 manata satışa çıxarılır.
Sumqayıt şəhəri, Bulvar küçəsi, 197 ünvanında yerləşən Sumqayıt Yaşayış Kompleksində isə mənzillərin 1 kvadrat metrinin satış qiyməti 1000 manat təşkil edir.
Müqayisə üçün bildirək ki, MİDA 2022-ci ilin aprel ayında paytaxt Bakının Yasamal rayonu ərazisində satışa çıxardığı mənzillərin 1 kvadrat metrini 950 manata təklif edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son iki ildə paytaxt Bakıda satışa çıxarılan mənzillərin qiymətində 26 faiz artım müşahidə olunub.
Eyni zamanda, MİDA-nın 2021-ci ilin avqust ayında Sumqayıt şəhərində satışa çıxardığı mənzillərin 1 kvadrat metri 850 manat olduğu halda, bu il qiymət 17,6 faiz artaraq 1000 manata çatıb.
2023-cü ilin dekabr ayında Hövsan qəsəbəsində satışa çıxarılan mənzillərin 1 kvadrat metri 850 manat olub. Hazırda MİDA Hövsan qəsəbəsində mənzilləri 1 kvadrat metri 950 manata təklif edir.
Nəticədə, son iki ildə Hövsanda mənzillərin qiymətində təxminən 12 faizlik artım baş verib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top