
Oktyabrın 28-də axşam saatlarında atəşkəs rejiminin pozulmasından sonra İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin anklavındakı fövqəladə xidmətlərə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, zərbələr nəticəsində 20-dən çox uşaq həlak olub.
Bildirilib ki, bu, İsrail və HƏMAS-ın atəşkəslə razılaşmasından sonra Qəzza sakinləri arasında ən yüksək itkidir.
Qəzzalıların məskunlaşdığı yaşayış binaları və qaçqın düşərgələrinin də hədəf alındığı bildirilir.
Qeyd edək ki, çərşənbə axşamı İsrail ordusu Qəzza zolağına bir sıra hava zərbələri endirib. İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ı atəşkəsi pozmaqda və anklavın cənub hissəsindəki Rəfah bölgəsində İsrail əsgərlərinə hücum etməkdə ittiham edib.
HƏMAS da öz növbəsində İsrailin razılaşmanı pozmasını əsas gətirərək, Qəzza zolağında öldürülən israilli girovun qalıqlarının oktyabrın 28-i axşama planlaşdırılan təhvilini təxirə salıb. Hərəkat həmçinin Rəfahda baş verən atışmada hər hansı əli olduğunu təkzib edib.
Xatırladaq ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Tətbiqimizi yükləyə bilərsiniz