
Tədqiqatçılar dünyada ilk nüvə saatının - adi atom saatlarında olduğu kimi elektronların vibrasiyasından deyil, atomun nüvəsindəki keçidlərdən istifadə edən cihazın yaradıldığını elan ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu vacib bir adımdır, çünki atomun nüvəsi elektronları ehtiva edən qabıqdan daha az xarici müdaxiləyə (məsələn, maqnit sahələri kimi) məruz qalır və bu, zamanın keçməsində daha böyük dəqiqlik və sabitlik vəd edir.
Alimlər həmçinin bunun üçün “torium-229” izotopundan istifadə etdiklərini bildiriblər. Çünki onun nüvə keçidi yüksək enerjili rentgen şüaları və ya qamma şüaları ilə müqayisədə nisbətən aşağı enerjili ultrabənövşəyi işıq tələb edir.
Alimlər bu keçidin tezliyini uğurla ölçdüklərini və əvvəlki cəhdlərlə müqayisədə ölçmə dəqiqliyini təxminən bir milyon dəfə yaxşılaşdırdıqlarını bildiriblər.
Bununla belə, cihaz hələ də mütləq dəqiqlikdə müasir atom saatlarını ötməyib. Hələlik, məqsəd nüvənin vaxtı ölçmək üçün istifadə oluna biləcəyini nümayiş etdirməkdir.
Layihənin rəhbərlərindən birinin sözlərinə görə, onlar toriumun yüksək dəqiqlikli ölçmələr üçün cihaz kimi istifadə oluna biləcəyini nümayiş etdiriblər.
Onun sözlərinə görə, bu texnologiya naviqasiya sistemlərində (məsələn, GPS), internet infrastrukturlarında, maliyyə şəbəkələrində və fundamental fizikada tətbiq üçün böyük potensiala malikdir.
“Əgər biz vaxtı daha dəqiq ölçə bilsək, hazırda qeyri-mümkün olan ölçmələrə çıxış əldə edə bilərik”, - layihə rəhbəri bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz