
İngilis yazıçısı Aqata Kristinin ilk nəşr olunmuş əsəri 120 il sonra Londonda çap olunmuş qəzetlərdən birində tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, detektivlər kraliçasının şeiri 1905-ci ildə yerli qəzetdə dərc olunub. Lakin müəllifin tərcümeyi-halındakı yanlış məlumat onun 120 il ərzində diqqətdən kənarda qalmasına səbəb olub.
24 misralıq “Buxar elektrikə qarşı” şeirinin 8 iyul 1905-ci ildə “Ealing və Hanwell Post” qəzetində dərc edildiyi bildirilir.
Məqalənin ön sözündə belə deyilir: “Gənc bir müəllif bizə ötən şənbə elektrik qatarlarının sıradan çıxması ilə bağlı qafiyəli şərh göndərib”.
Nəşrin yazdığına görə, yazıçı bu əsəri yazarkən 11 yaşında olduğunu qeyd etsə də, əslində 14 yaşında olub. O, həmçinin şəhərətrafı qatarı tramvayla səhv salıb.
Nəşrin qeyd etdiyinə görə, Aqata Kristinin tədqiqatçıları bu poeziya nümunəsini sentyabr ayında qəzet arxivlərində aşkar ediblər. Bundan sonra yazıçının varisləri onun nəşrinə razılıq veriblər.
Tətbiqimizi yükləyə bilərsiniz