
Rusiyanın “Lukoil” neft şirkəti bəzi ölkələr tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlərlə əlaqədar olaraq beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu bəyan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi internet saytında yerləşdirilən açıqlamada yer alıb.
Açıqlamada bildirilir ki, bəzi ölkələr tərəfindən şirkətə və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edildiyinə görə, “Lukoil” beynəlxalq aktivlərini satmaq niyyətini açıqlayır. Hazırda şirkət potensial alıcılarla əməliyyatları nəzərdən keçirməyə başlayıb.
Məlumata əsasən, aktivlərin satışı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) verdiyi ləğvetmə lisenziyası çərçivəsində həyata keçirilir. “Lukoil” zərurət yaranarsa beynəlxalq aktivlərin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə lisenziyanın müddətinin uzadılması üçün də müraciət etməyi planlaşdırır.
Xatırladaq ki, “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar ABŞ və Böyük Britaniya tərəfindən tətbiq edilib. ABŞ-nin OFAC qurumu keçən həftə hər iki şirkəti sanksiyalar siyahısına daxil edərək onların fəaliyyətinin noyabrın 21-dək davam etməsinə icazə verən lisenziya təqdim edib.
Qeyd edək ki, oktyabrın 15-də “Lukoil” Böyük Britaniyanın sanksiyalar siyahısına da daxil edilib. Bununla yanaşı, Azərbaycan və Qazaxıstanda “Lukoil” və “Rosneft”in iştirak etdiyi bir sıra beynəlxalq layihələr, o cümlədən Xəzər Boru Kəməri Konsorsiumu (CPC), Tengiz Chevroil, “Şahdəniz”, Cənubi Qafqaz Qaz Boru Kəməri Şirkəti, Azərbaycan Qaz Boru Kəməri layihələri 2027-ci il oktyabrın 14-dək sanksiyalardan kənarda qalıb.
Bundan başqa, ötən həftə “Lukoil”in törəmə şirkətlərindən biri olan “Litasco Middle East DMCC” də Avropa İttifaqının sanksiyalar siyahısına salınıb.
Şirkətin açıqlamasına görə, “Lukoil” hazırda Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, Kamerun, Nigeriya, Qana, Meksika, Birləşmiş Ərəb Əmirlikləri və Konqo Respublikasında layihələrdə iştirak edir. Bundan əlavə, şirkətin Bolqarıstan, Rumıniya və Hollandiyada neft emalı zavodları mövcuddur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz