
ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da “TikTok” sosial media platforması ilə bağlı yekun müavilə imzalaya bilər.
Yeniavaz.com Ağ Evə istinadla xəbər verir ki, o bu barədə Yaponiyaya səfər edərkən təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.
Tramp jurnalistin oktyabrın 30-da sazişin imzalanması ilə bağlı sualına “Ola bilər” cavabını verib.
Amerika lideri qeyd edib ki, o, artıq Çin Prezidenti Si Cinpindən ilkin razılıq alıb.
Qeyd edək ki, sentyabrın 25-də Tramp Çinin “TikTok” sosial media platformasının ABŞ-dəki əməliyyatlarının Amerika biznesi tərəfindən idarə edilməsinə dair müqaviləni təsdiqləyən sərəncam imzalayıb. Sərəncama əsasən, yeni qurumun əsas payı və nəzarəti Amerika vətəndaşlarına məxsus olacaq. Çinin “ByteDance” şirkəti 20%-dən az pay alacaq. Qalan hissəsi isə müəyyən investorlara məxsus olacaq.
Ancaq sərəncamda konkret investorlar göstərilməyib. Şirkət amerikalıların məlumatlarının lazımi şəkildə qorunmasını, həmçinin ABŞ-nin dövlət səviyyəsində təhlükəsizliyini təmin edəcək qaydalara uyğun olaraq yeni direktorlar şurası tərəfindən idarə olunacaq.
Yeni şirkətin dəyəri təxminən 14 milyard dollar olacaq.
Xatırladaq ki, “ByteDance”dan sosial şəbəkəni satmağı və ya ABŞ-də fəaliyyətini dayandırmağı tələb edən qanun 2024-cü ildə ABŞ-nin keçmiş prezidenti Co Bayden tərəfindən imzalanıb. 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən sonra isə yeni ABŞ prezidenti Donald Tramp platformanın ABŞ-də bloklanmasını təxirə salan sərəncam imzalayıb. Daha sonra o, bu möhlət müddətini dəfələrlə, ən son isə sentyabrın 16-da uzadıb. Bununla da, ABŞ-də sosial şəbəkənin bloklanması dekabrın 16-na qədər təxirə salınıb. Sentyabrda Tramp çox böyük şirkətlər qrupunun “TikTok”u əldə etmək istədiyini açıqlayıb və Çin tərəfi ilə ilkin razılaşmalar barədə məlumat verib.
Tətbiqimizi yükləyə bilərsiniz